Günəşin əriyib yerə töküldüyü bu şəhərin göylərindən Hər gün ümid durnaları çığıra-çığıra uzaqlaşır Bu qala divarlarının önündə hər şey, hamı yalqızlaşır. Sərin meh də sazaqlaşır! Başını kəsirlər Sisianovun
Sanki, ilk dəfə görüşür Allahla yara.
…gec-tez dərdə çevrilir sevgi.
Qadın ilk növbədə sevgini sənədləşdirir Allahı kağıza köçürür peyğəmbər Əlinin qanını kağıza silir tarix, və gələcək nəsillərə uzadır.
Gələcək nəsillər… yazıqlar… gələcəklər Bütün köhnə əzabları yenidən çəkəcəklər.
Yaxşı insanla hər gecə Mütləq kimsə vidalaşır, kimsə ondan uzaqlaşır. Bu qala divarlarının dibində vətəndən didərgin düşməyə hazırlaşan İki şair qucaqlaşır. Bu vaxt meh də sazaqlaşır. Bu vaxt Allah yoxa çıxır, bu vaxt insan yalqızlaşır.
Bu vaxt göz yaşları daha da duru, Siqaretin tüstüsü daha da acı olur. Tale üz çeviribsə, Qızılgül kolu da adama dar ağacı olur.
Günəşin əriyib yerə töküldüyü bu şəhərdən Çıx get, şair! Başın burdakı bədənlərə ağırlıq edir.
Gecəyarı boş küçəyə suallar
İstəyərdinizmi ürəyiniz adi insan ürəyi olsun? Yəni bir az daş. İstəyərdinizmi gözləriniz adi insan gözləri olsun? Yəni bir az kor. İstəyərdinizmi adi insan kimi ağlayasınız? Yəni hərdən, aradabir. İstəyərdinizmi pəncərədən adi insan kimi baxasınız? Yəni intihar etmək üçün yox. İstəyərdinizmi küçədə adi insan kimi dayanasınız? Yəni getməyə yeri olmayan biri kimi yox
Yoxsa elə sizdə belədir?
Buludxan
Arvadı, atı, iti, bir də çomağı vardı Təpənin üstə qalxar, çomağına söykənər, yamacdakı ot basmış Qəbirlərə baxardı Buludxan.
əvvəl arvadı öldü sonra at sonra da it. Həyatda söykənəsi bircə çomağı qaldı Buludxanın.
Ağlamadı yuyulsun, çirkləndi kir oldu gözləri O qədər bir yerə zilləndi birləşdi, bir oldu gözləri Təpənin üstündcə lal-dinməz kor oldu gözləri Dünya daha görünmədi Buludxana.
Nə su içdi, nə ağzına tikə qoydu Yeməsə də, içməsə də Kimi ona su apardı, kimi ona kökə qoydu Buludxanın acığına Buludxan bu kökə qoydu Buludxanı.
Hərdən ölü zənn etdilər, gedib gördülər diridi Təpə üstə bir çomaqdı, bir sümükdü, bir dəridi Kişi dönüb ana oldu Nə qədər dərd yuxuladı, nə qədər ağrı kiridi Buludxanda.
Bir gecə şimşəklər çaxdı, göy gurladı Və sel basdı bütün kəndi. Gəldilər ki, aparsınlar, bircə kəlmə "gedin” dedi. O gecə təpənin üstə Ölümlər xacalat çəkdi, Əzrayıllar üzr istədi Buludxandan.
Məktub … Gözlərindən ötrü darıxan var burada Baxılmaq istəyir sənə. Sevgidə azyaşlıdı, ayrılıqda ahıldı Birdəfəlik rədd olmaq, Yox olmaq istəyir sənə.
… Tək-tənha şax dayanmaq yorub onu Hardasan? Yıxılmaq istəyir sənə.