Samir BULUTun tərcüməsində
İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq
təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da
bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni
intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin
birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü
bilmir. Qəzetlərin üçüncü səhifəsindəki məqalələrdə buna vadar edən müxtəlif
səbəblərlə rastlaşa bilərsən: maddi çətinliklər, xəstəlik və ya mənəvi əzab.
Lakin, mən öz təcrübəmdən bilirəm ki, bunlar heç də əsas səbəb deyil, yalnız
ona aparan yollardır. Renye deyir ki, intihar edən şəxs bunu niyə etdiyini özü
də bilmir. Bizim hərəkətlərimizi müəyyənləşdirən mürəkkəb səbəblər var. Ancaq
mənə gəldikdə, bu səbəb – məni bürüyən anlaşılmaz həyəcandır. Gələcəyimə görə
keçirdiyim anlaşılmaz həyəcan. Ola bilər ki, mənim sözlərimə inanmayasan. Həm
də, onillik təcrübəm mənə deyir ki, yaxın adamlarım mənim vəziyyətimə
düşməyincə, dediklərimə fikir verməyəcəklər.
Son iki ili mən, ancaq ölüm barədə düşünürəm. Və belə bir
əsəbi gərginlik içərisində, Maynlenderi oxudum. O, ölümə aparan yolu mücərrəd
də olsa, gözəl təsvir edib. Buna sözüm yox. Mən də belə etmək istəyirəm, lakin
konkret olaraq. Ailəmin halına acımaq kimi anlayışlar, mənim bu arzumun
qarşısında heç nədir. Bəlkə də, sən bunu inhuman adlandıracaqsan. Lakin mənim
etmək istədiyim qeyri-insanidirsə, deməli, mən sümüklərimə qədər vəhşiyəm.
Nə olur-olsun, mən ancaq həqiqəti yazmalıyam. (Mən artıq öz
gələcəyimçün gizli olan bu həyəcanı analiz etmişəm. Bu haqda «Əbləhin
həyatı»nda yazmaq istəyirdim. Yalnız yaşadığım sosial şərtlər, – arxamca kölgə
kimi sürünən feodal anlayışlar ucbatından bunu qəsdən etməməyə məcbur oldum.
Niyə qəsdən? Çünki biz, bu günün insanları feodalizm kölgəsində yaşayırıq. Mən
səhnədən başqa fonu, işıqlandırmanı, personajların – ilk növbədə özümün davranışımı
təsvir etmək istədim. Sosial şərtlərə gəlincə, bunun mənimçün aydın olmağına
şübhəm var.) Əvvəlcə, əzabsız ölmək üçün nə etmək haqqında düşündüm. Yəqin ki,
bunun üçün ən yaxşı üsul – özünü asmaqdır. Amma özünü asan adamın estetik
cəhətdən xoşagəlməzliyi məni fikrimdən daşındırdı. (Yadımdadır, sevdiyim
qadının heroqlifləri pis, kobud yazdığını gördükdə, ona olan məhəbbətim də
sönmüşdü.) Suda boğulmaqla da istədiyim nəticəni ala bilməzdim, çünki mən üzə
bilirəm. Hətta buna müvəffəq olsaydım belə, bu vaxt özümü asmaqdan da çox əzab
çəkərdim. Özümü qatarın altına atıb intihar etməksə, daha xoşagəlməz olardı.
Bıçaqla ya da güllə özümü vurmağı bacarmaram, çünki əllərim əsir. Çoxmərtəbəli
evin damından atılsaydım, bu, lap biabırçılıq olardı. Bütün bunları nəzərə
alaraq, yuxugətirici dərmanın köməyilə ölməyi qərara aldım. Bu yolla ölmək
özünü asmaqdan da əzablıdır. Lakin, bu, asılmaq qədər ikrah doğurmur. Həm də,
bu üsulun bir üstünlüyü də var ki, məni həyata qaytarmaq təhlükəsi olmur.
Düzdür, yuxugətiricini tapmaq o qədər də asan deyil. Lakin, intihar etməyi qəti
qərara aldığımdan, onu tapmaq üçün bütün imkanlarımdan istifadə etməyə
çalışacağam. Və eyni zamanda toksikologiya haqqında daha çox məlumat əldə etmək
istəyirəm.
Sonra, harda intihar edəcəyim haqqında fikirləşdim.
Ölümümdən sonra ailəm mənim mirasıma sahib durmalıdır. Mənim əmlakım: yüz subo
torpaqdan, evdən, müəlliflik hüququmdan və iki min ienlik kapitaldan ibarətdir.
Özümü öldürdükdən sonra evimin pis ad qazanacağından narahat oldum. Və bağ evləri
olan burjuylara paxıllığım tutdu. Sözlərim, yəqin ki, səni təəccübləndirəcək.
Başıma belə fikirlərin gəlməsi, elə özümü də heyrətləndirdi. Bu fikirlər yaxşı
deyil, başqa cür də ola bilməz. Mən elə intihar etmək istəyirəm ki, cəsədimi
ailəmdən başqa görən olmasın.
Ancaq, intihar etməyin üsulunu seçsəm də, mən az da olsa,
hələ həyata bağlıydım. Ona görə də tramplin lazımdı. (Sarısaçlılar kimi, mən,
intihar etməyi günah saymıram. Məlumdur ki, Sakya-Muni nəsihətlərinin birində
şagirdinin özünü öldürməsini təqdir etmişdi. Onun yaltaq ardıcılları bu təqdiri
«zəruri» halda sözüylə bəzədilər. Lakin, «zəruri» haqqında danışan kənar
müşahidəçilər, heç vaxt fövqəladə, inanılmaz vəziyyətə düşməyiblər ki, faciəvi
surətdə ölmək qərarına gəlsinlər. Hər bir intihar edən şəxs bu «zəruri» halı öz
bildiyi kimi başa düşüb ölməyə qərar verir. Əvvəllər, özünə qəsd edən insanlar
mütləq cəsarətli olmalıydılar.) bir qayda olaraq, belə tramplin rolunu qadın
oynayır. Kleyst intihar etməmişdən qabaq bir neçə dəfə öz dostunu ona yoldaş
olmağa dəvət etmişdi. Rasin də Senada Molyer və Bualo ilə birlikdə boğulmaq
istəmişdi. Təəssüf ki, mənim belə dostlarım yoxdur. Doğrudur, bir qadın tanışım
mənimlə birlikdə ölmək istəmişdi. Əksinə, illər keçdikcə sentimental
olduğumdan, mən ilk növbədə elə etmək istəyirdim ki, arvadım artıq
əzab-əziyyətə düşməsin. Bundan başqa, tək özümü öldürməyim iki nəfərin birlikdə
intihar etməsindən qat-qat asandır. Bu həm də rahatdır: intihar etməyin vaxtını
sərbəst seçə bilərsən.
Və axırıncısı. Mən çalışırdım ki, intihar edəcəyimdən ailəm
duyuq düşməsin. Çoxaylıq hazırlıqdan sonra, nəhayət, məndə qəti fikir yarandı.
(Bunu yalnız dostlarımçun yazmadığımdan, hər bir xırdalığı göstərirəm. Mən,
kiminsə «intihara kömək etmək» maddəsiylə məsuliyyətə cəlb edilməsində günahkar
olmaq istəmirəm. Qeyd etməliyəm ki, dünyada cinayətin adı qədər gülməli şey
yoxdur. Əgər bu maddəni hərfbəhərf tətbiq etsən, cinayətkarların sayı çoxalar.
Əczaçılar, silah alveri edənlər, bıçaq satanlar onlara «heç nə məlum deyil»
desələr də, bu sözlər hökmən şübhə yaradacaq, çünki onlara müraciət edən
insanların xarici görkəmi məqsədlərini büruzə verir. Bundan başqa, cəmiyyətin özü
və onun qanunları da intihar edənə kömək olur. Nəhayət, belə cinayətkarlar
həmişə xoşniyyətli olurlar.) Mən soyuqqanlılıqla hazırlığımı qaytardım və indi
ölümlə təkbətək qalmışam. Mənim daxili vəziyyətim Maynlenderin təsvir etdiyi
kimidir.
Biz, gələcəkdə vəhşiləşəcək insanlar ölümdən heyvan kimi
qorxuruq. Əslində, həyat eşqi – heyvani qüvvənin başqa adıdır. Mən də belə
heyvanlardan biriyəm. Lakin, iştahasını itirən insan, tədricən heyvani
qüvvəsini də itirir. İndi mən, buz kimi şəffaf dünyada, əsəbləri xəstə
olanların dünyasında yaşayıram. Dünən axşam, mən bir fahişədən onun nə qədər
qazandığını (!) soruşdum və hiss etdim ki, biz, «yaşamaq üçün yaşayan» insanlar
nə qədər də miskinik, zavallıyıq. Əgər biz əbədi yuxuya qərq olsaq, xoşbəxt
olmasaq da, heç olmasa sakitlik taparıq. Amma, intihar etməyim hələ sual
altındadır. Mənimçün təkcə təbiət daha da gözəlləşib. Sən təbiətin
gözəlliklərinə tamaşa edirsən və yəqin ki, özünü öldürmək istəyən adamın
ziddiyyətli fikirlərinə gülürsən. Lakin iş onda deyil ki, təbiətin gözəllikləri
ölüm saatında gözümün qabağına gəlir. Mən gördüm və başqa insanlara nisbətən
daha çox anladım, daha çox sevdim. Təkcə elə bu, mənimçün əzab olsa da,
kifayətdir. Səndən çox xahiş edirəm ki, ölümümdən bir neçə il sonra bu məktubu
dərc etdirmə. Qoy, mənim xəstəlikdən öldüyümü zənn etsinlər.
Q E Y D . Mən Empedoklun tərcümeyi-halını oxudum və hiss
etdim ki, insanların allah olmaq yanğısı ta qədimdən gəlir. Bu məktubumda mən
özümü allahlaşdırmıram. Əksinə, mən zavallı bir insanam. Müqəddəs əncir
ağacının altında oturub özünü Etnanın kraterinə atan Empedokl haqqında söhbət
etməyimiz yadındadrmı? O vaxt mən allah olmaq istəyənlərdən biriydim.
|